http://vknews.az/public/editor/elFinder/php/../files/news/din/aile

İslam dininin nəzərində yaxşı ər necə olmalıdır?

access_time03.02.2017 remove_red_eye628 content_copy Din

İslam dininin nəzərinə görə qadın da kişi kimi gələcək həyat yoldaşının ruhi və əxlaqi xüsusiyyətlərini araşdıra bilər. Hədislərimiz layiqli xanımların sifətlərini bəyan etdiyi kimi, layiqli ərlərin də sifətlərini bizlərə tanıtmışdır. İslam dini buyurur ki, kişinin əlxaqı qadının əxlaqından üstün səviyyədə olmalıdır. Həmçinin təqva baxımından da kişinin təqvası qadının təqvasından üstün olmalıdır. İslam dininin nəzərində yaxşı həyat yoldaşının sifətləri:

1. Təqvalı olmaq.

Nümunəvi həyat yoldaşının ən mühüm sifəti - təqvalı olmaqdır. Çünki əgər ər təqvalı olarsa, xanımını və övladlarını da təqvalı olmağa təşviq edər və həvəsləndirər. Siratül-müstəqim yolunu getmək üçün dəyanət ən mühüm yar və yoldaş olar. Həzrət Peyğəmbər (s) buyurur: “Sizlərin ən yaxşısı o kəsdir ki, təqvalı, pakizə və nöqsansız... olsun. ...”.

2. İffətli olmaq.

İslam dininin nəzərinə görə qadın iffətli və pak ətəkli olduğu kimi, kişi də iffətli olmalıdır.

3. Əmanətdar olsun.

Həzrət Peyğəmbər (s) buyurur: “Əgər qızınıza elə insan elçi gəlib ki, onun dindarlıq və əmanətdarlığından razısınız, qızınızı ona verin. Əgər belə olmasa, cəmiyyətdə böyük fəsad meydana gələr”. Bu hədisdən belə nəticə çıxartmaq olar ki, ər gərək dindar olsun, əmanətdar olsun. Əgər dindardırsa, özünü kontrol edə bilər. İlahi hədləri keçmz və yanlış yol getməz. Əgər əmanətdardırsa, arvad-uşağının qeydinə qalar, bu İlahi əmanətlərə xəyanət etməz.

4. Əxlaqı gözəl olsun.

Gözəl əxlaq həm nümunəvi həyat yoldaşının bariz sifətlərindəndir, həm də həqiqi möminin. Evlilikdən əvvəl qarşı tərəfin əxlaqına nəzər salmaq və diqqət etmək çox mühümdür. Çünki bir ömür pis əxlaqlı bir insanla yaşamaya məcbur ola bilərsən. Həzrət Peyğəmbər (s) buyurur: “Ən şər insan o kəsdir ki, xanımına töhmət vurar və daima ona qarşı bədgüman olar. Simic olar və söyüş söyməyə adət edər. Yeməyi tək yeyər, arvad-uşağını tənbeh edər, onları vurar. ...”. Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “Sizlərin ən yaxşısı o kəsdir ki, ailəsi üçün ən yaxşı olsun. Mən, ailəm üçün sizlərin hamısından daha yaxşıyam”. (İslami saytlara istinadən)