http://vknews.az/public/editor/elFinder/php/../files/news/din/84934.jpg

Məzarlığa atılan cadu bizə təsir edə bilərmi? - VİDEO

access_time29.08.2017 remove_red_eye673 content_copy Din

Gəncə şəhərində bir məzarlıqdan cadu tapılıb.

VKnews.az xəbər verir ki, cadu kimliyi bilinməyən bir şəxsin fotosuna sancaqlar taxılmaqla düzəldilib. Cadunun yanında üzərində müxtəlif rəngli saplar olan kilid də tapılıb. Gənc oğlana cadu edənlər onu Gəncə qəbiristanlığında yerləşən qəbirlərdən birinin yanına atıb.

Cadunu tapan şəxslər fotoları və həmin ərazidən çəkdikləri videonu baku.ws saytına göndəriblər.

Bəs yüzillərdir davam edən və heç bir açıqlama gətirilməyən bu cadu müəmması necə əmələ gəlir? Cadunun insan həyatına, səhhətinə, fəaliyyətinə hər hansı təsiri varmı?

Psixoloq Elnur Rüstəmov cadunun təsirini insanların ona olan inancı ilə əlaqələndirir:

“Cadunun insan həyatına təsiri psixologiya elmində birbaşa olaraq nə təsdiq, nə də təkzib edilib. Psixologiyada bu sahə ilə bağlı konkret mövqe yoxdur. Lakin psixologiya elminin əsasları cadu kimi qeyri-direktiv metodları inkar edir və onu bir fakt kimi qəbul etmir. Elm cadunun insana təsirini insanların inancı ilə əsaslandırır. Yəni, insan həyatında və işində heç nəyin qaydasında olmadığını düşünür və ağlına gələn ilk səbəblərdən biri cadu olur.

Yaxud da, günümüzdə sıx şəkildə rast gəlinən isterik nevroz (konversion pozuntu) xəstələrinə el arasında “bədəninə cin girməsi” diaqonozu qoyulur. Buna görə də həmin xəstələr ziyarətgahlara gedir, falçıya müraciət edir, hətta bəzən molladan da kömək istəyirlər.

Azərbaycanda müasir tətbiqi psixologiyanın tarixi 20-30 il, akademik psixologiyanın tarixi isə 20-ci əsrin əvvəllərindən hesablanır. Lakin cadunun, fal açmağın, rəml atmağın tarixi qədimlərə dayanır. Qədim türk dövlətlərində - Atillanın, Çingiz xanın dövründə şamanizm mövcud idi. Onların dövlətin siyasi işlərində, hökmdarların qərarlar qəbul etməsində birbaşa təsirləri var idi. Yəni etnopsixologiya cadunun tarixinin qədim olduğunu təsdiq edib. Hətta folklorda belə bir deyim də mövcuddur: “Fala inanma, falsız da qalma”. Tarixi bu qədər qədim köklərə dayanan bir ənənənin qarşısını almaq və onu məhv etmək çətindir.

Bunun tək bir yolu var - insanları maarifləndirmək.

Bu gün hüquqi bir problem olan adam da falçıya müraciət edir, övladı olmayan da, ailə qura bilməyən də. Hüquqi problemin varsa, hüquqşünasa müraciət etməlisən. Səhhətində problem varsa, həkimə müraciət etməlisən. Ailə qura bilmirsənsə, şəxsi həyatına, xarakterinə, ətrafına diqqət yetirməlisən. Bütün bunların falçıya nə aidiyyatı var axı?

Tutaq ki, bir insan falçı yanına gedir və ona deyilir ki, problemin 3 ay ərzində həll olunacaq. Həmin insan da bütün beynini, psixologiyasını, gündəlik həyat tərzini belə həmin zaman kəsiyinə kökləyir. Bu sahə psixologiyada Neyrolinqvistik Proqramlama (NLP) adlanır.

Məhz bu nüanslar açıq şəkildə göstərir ki, cadu və onun təsiri birmənalı şəkildə insanların ona olan inancları ilə bağlıdır. Buna görə də insanlar maariflənməli, problemi olan sahənin mütəxəssisinə müraciət etməlidir.

Bunu da qeyd etmək lazımdır ki, insan psixologiyası mürəkkəb bir mexanizmdir. Bəzən elə durumlar olur ki, insan düşünməyə bilmir: bəlkə, həqiqətən də, mənə cadu olunub? İstər-istəməz belə bir düşüncə meydana gəlir. Lakin bu düşüncənin formalaşması da keçmişlə, etnopsixoloji faktorlarla, genetika ilə bağlıdır.

Cadunun təsirlərinə qarşı psixologiyanın koqnitiv (düşüncə) terapiyası təklif edir ki, insan həyatını dəyişmək istəyirsə, öncə düşüncənsini dəyişməlisən. Yəni həyatda müsbət hadisələrin baş verməsinin səbəbi insanın düşüncəsinin müsbət enerjiyə köklənməsi ilə bağlıdır.

Bütün bu hallarda insanlarımıza tövsiyə edirik ki, ilk növbədə, pozitiv enerjiyə köklənsinlər. Daha sonra problem olduğu təqdirdə problemə uyğun olaraq mütəxəssisə müraciət etsinlər”.

Din xadimləri də cadunun, falçılığın uydurma olduğunu və həqiqətə uyğun olmadığını bildirirlər.

İlahiyyatçı Elşad Miri İslam dinində cadunun olmadığını və dinin belə əməlləri təkzib etdiyini deyir:

“İslam dinində dua yazdırmaq, cadu etmək kimi əməllərin haram buyurulub. Bu əməllərdən insanları ələ almaq məqsədilə istifadə edilir. Hələ peyğəmbərimizin dövründə belə bir iddia yayılmışdı ki, ona da cadu edilib. Lakin bu absurd iddia idi.

Əgər bu gün də belə dualar həqiqətən mövcuddursa, insanlar onun təsir gücünə inanmamalı və mənfi enerjidən özlərini qorumalıdırlar. Cadunun təsirinə məruz qaldığını düşünən insanlar öncə Allaha sığınmalıdırlar, sonra isə belə mövhumatlardan uzaq qalmalıdırlar.

"Qurani-Kərim"in “Nəs” və “Fələq” surələrində müsəlmanların yalnız Allaha pənah aparmaları və sığınmaları buyurulur. Allaha sığınan insan isə cadunun da, mənfi hadisələrin də təsir gücünü hiss etməyəcək. Buna görə də insanlar belə hadisələr baş verərkən mümkün qədər soyuqqanlı davranmalı və əhəmiyyət verməməlidirlər”.

VKnews.az