http://vknews.az/public/editor/elFinder/php/../files/cəmiyyət/dildanisma.jpg

Niyə “sürücü” əvəzinə “şofer”, “dayanacaq” əvəzinə “astanovka” deyirik?

access_time27.09.2019 remove_red_eye109 content_copy Cəmiyyət

Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir qismi dilimizə başqa dillərdən gəlmişdir. Bu sözlər müəyyən tarixi faktorlar, məkan və zaman münasibəti ilə əlaqədar olaraq müxtəlif dillərdən dilimizə keçmişdir. Belə sözlər öz tarixiliyi etibarilə Qafqaz dillərindən, ərəb, fars, rus dilləri vasitəsi ilə dilimizə keçmişdir.

Alınma sözlərin çoxluğu dildə bəzən ağırlıq da yaradır. Bəzən alınma sözlərin dildə olan ağırlığını onların alınma sinonimləri də yaradır. Məsələn, vertalyot sözünə sinonim kimi helikopter ifadəsi, maşın sözünə avtomobil və s. dilə ağırlıq gətirir. Ümumiyyətlə, dilimizdəki alınma sözlərə milli mənşəli sinonim tapılırmı? Məsələn, son 10 ildə nə qədər milli mənşəli söz yaradılıb?

VKnews.az bildirir ki, mövzu ilə bağlı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müaviniSayalı Sadıqova Modern.az-a açıqlama verib.

"Birinci onu qeyd edim ki, dil öz daxili imkanları hesabına zənginləşir. Əgər söz yaradıcılığı prosesi baş vermirsə, o dil məhvə doğru gedir. Azərbaycan dili nəinki son 10 ildə, tarix boyu öz imkanları hesabına yeni sözlər yaranıb və bu sözlərin hesabına inkişaf edib. Çünki Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir və dilimizdə sonsuz lüğəvi şəkilçilər var. Bu şəkilçilərin sözlərə artırılması ilə bağlı yeni sözlər yaranıb. Buna təkcə məişətdə istifadə olunan sözlər deyil, elm və texnikanın inkişafı ilə əlaqədar yeni yaranan sözlər də daxildir. Lakin alınma sözlərin işlənməsi təbii prosesdir. Ölkədə inkişaf, qloballaşma gedirsə, təbii ki, bu qloballaşmayla bağlı biz o terminləri alıb işlətməliyik. Məsələn, bu, təkcə ümumişlək sözlərə aid deyil. Alınmaların çoxu elmin, texnikanın, mədəniyyətin inkişafı ilə yaranır. Əgər bu gün kompüterin inkişafı bütün dünyada diqqəti cəlb edirsə və kompüter leksikası yaranırsa, əlbəttə, kompüter harada yaranıbsa, həmin ölkənin sözləri alınma söz kimi dilimizə keçir. Məsələn, kompüter, sayt, internet,  informasiya kimi sözlər alınma sözlərdir. İnformasiya ilə bağlı bizdə lüğət tərtib olunub, həmin lüğətdə 5200 söz öz əksini tapıb. Ancaq onun 3800-ü dilin daxili imkanları hesabına yaranan sözlərdir, müəyyən bir hissəsi də alınmadır.

Sayalı xanım bildirib ki, dilə o zaman ağırlıq gəlir ki, qarşılığı olan sözlərin alınmasını işlədirik.

"Məsələn, məişətdə "sürücü" əvəzinə "şofer", "dayanacaq" əvəzinə "astanofka" sözləri işlədilir. Təbii ki, zəruri alınma sözlər var ki, onlar işlənməlidir. Lakin  "soyuducu" sözüylə "xaladelnik" sözünü yanaşı işlədirik. Əlbəttə, bunlar dili korlayır.

Mən tək informasiyayla bağlı yaranan sözlərdən danışdım. Aviasiyayla bağlı yaranan terminlər lüğətində 20 mindən çox söz var. Lakin statistik məlumata görə, o 20 min sözü hesablasan, 60-70 %-i dilin daxili imkanları hesabına yaranan sözlərdir. Alınma sözlərin qarşılığını yaratmaq mümkün olursa, o sözlər yaranır. Məsələn, son dönəmlərdə "aşkarlanma", "yenidənqurma", "yetərsay" və daha minlərlə yeni sözlər yaranıb".

VKnews.az