http://vknews.az/public/editor/elFinder/php/../files/news/saglamliq/Kardioloq_NURANə.jpg

Sükan arxasında infarkt keçirən sürücülər - Kardioloq danışır

access_time21.12.2017 remove_red_eye300 content_copy Müsahibə

Təhlükəsizlik kəmərini taxmamaq üçün “ürəyim xəstədir” deyib yol polisinə bəhanə edənlər var

Son vaxtlar sükan arxasında infarkt keçirmə halları artıb. Xüsusən də isti hava şəraitinin burada rolu yüksəkdir. Söhbət yay aylarından getmir, elə qışda da bu isti maşın insan həyatı üçün təhlükə yaradacaq dərəcədə olur. Belə ki, qışda maşının içində istilik sistemi işləyir. Üstəlik, sürücülərin əksəriyyətinin geyimi də qalın olur.


Mövzu ilə bağlı "VKnews.az"-a açıqlama verən Azərbaycan və Avropa Kardioloqlar Assosasiyasının üzvü Nuranə Əliyeva bildirdi ki, ürəyində problem olan şəxsin xəstəliyi tam ağır vəziyyətdə deyilsə, bir az yüngül, yaxud orta ağırlıqdadırsa, həkim təyin etdiyi dərmanları vaxtında qəbul etmək şərtilə avtomobil idarə edə bilər: “Əgər xəstə özünə laqeyddirsə onun sükan arxasında da, getdiyi yerdə də problemi olacaq. Ürəyində problem olan xəstələrin heç vaxt maşının içərisində qəfildən problemi yaranmır. O xəstəliklər əvvəlcədən yığılır-yığılır və sonra özünü göstərir. Qəfləti ölümlərin ən çox səbəbi ritm pozğunluqları, aritmiyalardır. Təcrübəmə əsasən deyim ki, oturaq həyat tərzi keçirən, piylənməsi olan insanlarda infarkt halları daha çox baş verir. Ürək döyünməsi, ritm pozğunluğu olan insanlara bir az da isti hava, stress, fikir təsir edə bilər. Belə olan halda əlbəttə ki, ürək sıxılar. Hazırda hər şeyi ürək problemi ilə əlaqələndirirlər. Əslində isə elə deyil. Ürək sıxılması tək ürək əlamətindən yox, hər şeydən ola bilər. Ürək sıxılmasının bir çox əlamətləri var. Məsələn, ağciyərində və ya mədəsində problem olanlar da ürəyini tutur. O tam diferensassiya edilməsə, müayinə olunmasa həqiqətən də ürəyindən olub-olmadığını bilmək olmaz”.

 N.Əliyeva deyir ki, ürək xəstəliklərinin əsas səbəbi ritm pozğunluğu və infarktdır. Bəzi infarkt keçirmiş xəstələr var ki, müayinə olunmur, yazılan dərmanları içmir, hətta təzyiq dərmanını belə: “Bütün bunlar hamısı risk faktorudur. Şəkər xəstəliyi olan insanlar var ki, ürəyində problem olduğunu bilmir. Şəkərlə ürək xəstəliyi yanaşı gedərsə, böyük bir risk faktorudur. Hansı ki, həmin şəxs sükan arxasında əyləşir, yaxud, nəqliyyatdan istifadə edir. Bəzi insanlar bunlara diqqət etmir, vaxtında müayinə olunmurlar. Ona görə vaxtında müayinə olunmaq lazımdır ki, nəsə probelm varsa, vaxtında üzə çıxarılsın və müalicə olunsun. Zamanında müayinə olunmasalar, ölümlə nəticələnə bilər. Çünki ürək elə bir orqandır ki, kimsəni dinləməz. Türkiyədə olan bir hocamız deyirdi ki, sağlamlığının qədrini bilməyən insana nə dərman, nə də həkim kömək edə bilməz. Ona görə də insanlar öz qayğılarına qalmalı, vaxtında müayinə olunmalıdırlar. Əgər kiminsə irsiyyətində xəstəlik varsa, həmin şəxs uşaq vaxtından həkimə aparılmalı, mütləq həkim nəzarəti altında saxlanılmalıdır. Çünki irsində ürək problemi olan ailədə heç olmasa ritm pozğunluğu, aritmiyalar olmalıdır. Hazırda isə bunların tam olaraq aradan qaldırılması anju vasitəsilə mümkündür. Bu, dəqiq müalicə metodudur. Tibb artıq yenilənib, zamanında müayinəyə gələnlərdə ürək problemlərində çox zaman açıq əməliyyata ehtiyac olmayacaq. Adi bir anju vasitəsilə qasıq, yaxud bilək nahiyəsindən ürəyin zirvə nöqtəsinə daxil olub, aritrogen ocaqları yandırıraraq birdəfəlik olaraq xəstəni həmin xəstəlikdən azad edirik. Bu çox az bir zaman ərzində aparılan xırda prosedurdur. Stendlər asan və ucuzdur. Narkozsuz, yerli keyitmə ilə da aparılır”. 

N.Əliyeva əlavə etdi ki, gün ərzində ən azı yarım saat idmana, yürüyüşə vaxt ayırmaq lazımdır: “İnsanlar işdə olan stressi bədənlərinə yükləyib yatmasınlar. İnsan nə qədər tənbəl olarsa, bütün xəstəliklər onu tapacaq. İnsanların çoxu ən son variantda həkimə müraciət edirlər. Belə olan zaman həm ciblərinə, həm də özlərinə ziyan vururlar. Əgər ürək xəstəliyi ağır dərəcədədirsə, ağır idman növləri ilə məşğul olmaq, ağır şeylər qaldırmaq olmaz. Tikintidə olan ağır dəzgahlarla işləməsi düzgün deyil. İnsan özünə diqqət etməli, yüngül işlərdən yapışmalıdır. Buna baxmayaraq işsiz də qalmaq olmaz, çünki belə olan halda özünəqapanma, stress olur. Artıq ürək problemləri yaş tanımır. Əvvəllər yaş üzrə götürürdük ki, kişilərdə və qadınlarda filan yaş aralığında, orta yaş dövründən bir az yuxarı, 50-60 yaş götürürdük. Lakin indi cavanlarda daha çox müşahidə olunur. Bunun bizə məlum olan səbəbi isə, qida rasionlarının tərkibinin normal olmamasıdır. Düzgün qidalanmamaq, siqaretçəkmə və digər tütünlü zərərli vərdişlərin çoxalmasıdır. Hazırda gənclər üçün dəb olan restoran vərdişləridir. İdman etmədən oturaq həyat tərzi keçirirlər. Bunlar hamısı faktorlardır, əgər faktor olmasa xəstəlik ciddiləşməz. Faktorları da yaradan insanlar özləridir”. 

VKnews.az