http://vknews.az/public/editor/elFinder/php/../files/Psixologiya/internet-aslılığı.jpeg

UŞAQLARDA INTERNET ASILILIĞINI NECƏ TARAZLAMAQ OLAR?

access_time03.09.2019 remove_red_eye217 content_copy Psixologiya

Texnologiya hər gün bir az daha inkişaf edir və uşaqların onlardan istifadə yaşı günü-gündən azalır. Hətta əsasən avropa ölkələrində insanlar digər gündəlik iş bölgülərini “ağıllı” vasitələrlə izlədikləri kimi, uşaqları da bu vasitələrlə izləyirlər.

"VKnews.az"-a danışan psixoloq Günel Hacızadə bildirir ki, Azərbaycanda da bu yavaş-yavaş öz yerini almağa başlayır. Uşağı “sakit saxlamaq” üçün telefon və ya planşetlərdən istifadə olunur. Hətta yemək yedirtməkdə çətinlik çəkdiyi zaman belə, valideynlərin köməyinə bu vasitələr gəlir. 
Bəs bu texnoloji vasitələr həqiqətən valideynlərin işini asanlaşdırır, yoxsa sadəcə saxta kontrolda saxlamaq hissi yaradır?

Bu sual bir çox insanı düşündürən sualdır. İnsan orqanizmi və psixologiyası çox həssasdır. Körpələr dünyaya gəldiyi gündən, bir yaşına kimi olan dövrdə öz ehtiyyaclarını ödəmək üçün valideynlərindən asılı olur. Sonraki dövrdə isə o yeriməyə, danışmağa və artıq özü-özünü idarə etməyə başlayır. Həmin bu inkişaf dövründə, valideynlərin diqqət etməli olduğu 3 nüans var;
      *Uşağın yanında telefon və ya planşetdən mümkün qədər istifadə etməmək,
      *Uşaqla mümkün qədər çox ünsiyyətdə olmaq,
      *Uşağı real oyunlarla oynamağa cəlb etmək.
      Əks təqdirdə, uşaqda nitq gec formalaşacaq və ya nitqində müəyyən problemlər yaranacaq, emosiyaları zəif inkişaf edəcək, özünü ifadə etməsi zəif olacaq. Bir nüansı da unutmaq olmaz ki, uşaqlar öz xarakteri tam formalaşana qədər valideynlərini təkrarlayır və onların istifadə etdiyi hər şeyə maraq göstərir.
      Nəzərə alsaq ki, 2010-cu ildən bəri bütün yaş təbəqələri informasiya texnologiyalarının aktiv şəkildə istifadəçisidir, uşaqları bu vasitələrdən tamamilə məhrum etmək də düzgün addım olmazdı. Bəzi valideynlər həll yolu olaraq, texnologiya vasitələrini birdəfənlik qadağan edir. Bu səbəbdən isə uşaqda aqressiya yaranır, özünə və əsasən valideynlərinə qarşı. “Biz nə edə bilərik ki, uşaqlarda internet asılılığı yaranmasın?”:
Ilk öncə uşağın texnoloji vasitələrə ayırdığı vaxt təyin edilməlidir. Bu vaxt, məktəbəqədər dövründə olan uşaqlarda (5 yaşına kimi) 1 saat, məktəb dövrü uşaqlarında isə (6 yaşından sonra) 2 saatdan çox olmamalıdır. Uşaqların texnologiya vasitələrindən istifadəsi ən tez 3 yaşından olmalıdır.
       Valideynlər, uşaqlarını texnologiya dünyasında sağlam informasiyalar əldə etməsi üçün, onları nəzarətdə saxlamalıdır. Məsələn, videolar izlədikdə hansı tip videolara baxdığına nəzarət etməlidir. Rəngləri və rəqəmləri öyrətdiyini düşündüyünüz bəzi videoların tərkibində şiddətin təbliği ola bilər.
Valideynlər, uşaqlarına istifadə etdiyi proqram və oyunları ona da öyrətməsini istəyə bilərlər. Beləliklə, uşaq valideyninə nəyisə öyrədə bildiyi üçün özünü yaxşı hiss edəcək, valideyn isə bu üsulla övladının istifadə etdiyi oyunları öz nəzarəti altında saxlaya biləcək.
        Uşağa “telefonla az oyna”, “komputerdə vaxt öldürmə”, “dərsinə heç vaxt ayırmırsan!” –kimi ifadələrdən istifadə etmək yerinə, ona vaxtınızı ayırın. Onu birlikdə oyun oynamağa, söhbət etməyə, parkda gəzməyə dəvət edə bilərsiniz. Beləliklə, o sizinlə vaxt keçirdiyi üçün texnologiya vasitələrinə daha az vaxt ayıracaq.
        Texnologiya vasitələrindən aşırı istifadə edən uşaqlarda emosianal boşluq olur. Bu boşluğu isə neqativ və inkişafdan saxlayan vasitələr deyil, valideyn sevgisi və dostluqlar doldurmalıdır. 

VKnews.az